SOS Uşaq Kəndi Proqramı

SOS KD Beynəlxalq Humanitar təşkilatının üzvü olan “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi rəsmi olaraq 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyə Nazirliyində İctimai Birlik kimi qeydiyyatdan keçmişdir. İctimai Birliyin yaranması və fəaliyyəti mərhum prezident, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. 2000-ci ilin noyabr ayında Assosiasiyanın ilk layihəsi olan Bakı SOS Uşaq Kəndinin açılışında ölkə rəhbəri  Heydər Əliyev Bakı SOS Uşaq Kəndinə səfər edərək, burda yaşayan  ana və uşaqlara öz xeyir-duasını vermişdir.

Assosiasiya valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edir. SOS Azərbaycanın bütün layihələri BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğundur və uşaqların öz bioloji ailələrində yaşaması üçün əlavə tədbirlər həyata keçirməkdədir.

SOS Uşaq Kəndi Proqramı özündə müxtəlif xidmət və layihələri birləşdirməklə valideyn himayəsindən məhrum olmuş və bu risk altında olan uşaq və ailələri əsas hədəf qrupu kimi seçir.

Proqramın əsas məqsədi:

  • Valideyn himayəsindən məhrum olan və valideynsiz uşaqların ailə mühitində böyüməsini təmin etmək və onlara öz gələcəyini qurmağa kömək etmək
  • Uşaqlarla ailə daxilində davamlı münasibətlərin qurulması, öz mədəni və dini ənənələrinə uyğun yaşamalarına şərait yaradılması  və onların maraq, qabiliyyət və bacarıqlarının üzə çıxmasına kömək etmək
  • Uşaqlara gələcəkdə cəmiyyətin layiqli üzvü olmaq üçün lazım olan təhsil və təlim bacarıqlarının əldə edilməsini təmin etmək

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı ve Gəncə şəhərlərində Ailə əsaslı qayğı proqramını (SOS Uşaq Kəndləri), Gənclər Evi layihələrini, Bakı, Gəncə və Sumqayıt şəhərlərində Təhsil proqramlarını, Bakı və Gəncə şəhərlərində Günərzi Qayğı Mərkəzi və Gəncə şəhərində Qısa Müddətli Qayğı layihəsini həyata keçirir.

Hər bir uşağın sevgi dolu bir evə ehtiyacı var. SOS Azərbaycan uşaqların müəssisələrə atılmasının qarşısını almaq məqsədi ilə erkən müdaxilə xidmətlərini həyata keçirir ki, uşaqlar öz bioloji ailələrində qalsınlar. Uşaq öz bioloji ailəsindən məcburi (müvəqqəti) ayrılmalı olduğu hallarda, uşağın öz bioloji ailəsinə yenidən qayıdacağı günə qədər o, fərdi yanaşma əsasında qayğı göstərilməsi mümkün olan bir mühitdə qalmalıdır. Nəticə etibarilə, SOS Azərbaycan Qısa Müddətli Qayğı (QMQ) layihəsini alternativ qayğı modeli kimi 2011-ci ildən başlayaraq Gəncə şəhərində və 2013-cü ildən başlayaraq Bakı şəhərində həyata keçirir.

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı” üzrə strategiyanı nəzərə alaraq uşaqların ailələrə verilməsinə dair mexanizmin hazırlanması və Uşaq müdafiə sisteminin yaradılması ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, alternativ qayğının təşkili,  Alternativ ailə növlərinin  müəyyənləşdirilməsi və seçim meyarlarının hazırlanması sahəsində “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai vəkillik komponenti əsasında fəaliyyət göstərir.

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-yi diskriminasiyanın aradan qaldırılması, uşaqların maraqlarına sadiqlik, yaşama, inkişaf hüquqları, uşaqların düşüncələrinə qarşı hörmət kimi bir  çox prinsipini özündə əks etdirən BMT UHK-nın çərçivəsində hazırlanmış ‘Uşaqlar üçün Keyfiyyət’ standartları əsasında fəaliyyət göstərir.

Ailə mühitinin  uşaq üçün ən əhəmiyyətli dəyər olduğuna əmin olaraq fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-yi 17 ildir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərir. Hazırda Bakıda və Gəncədə yerləşən Uşaq Kəndlərində 200-yə yaxın uşaq və gənc yaşayır.