Təhsil layihəsi

Bakı şəhər Xətai rayon 257  saylı orta məktəbdə olan Təhsilə Dəstək Layihəsi 2011-ci ildən etibarən Barrington Təhsilə Təşəbbüs Təşkilatı və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə SOS Uşaq Kəndləri Təşkilatı tərəfindən uğurla icra olunur.  Layihə Bakı, Gəncə və Sumqayıt şəhərlərində orta məktəb və bağçaları əhatə edir. Təşkilat layihənin icrası üçün Bakı şəhəri Xətai rayonundakı 257  saylı orta məktəb, Sumqayıt şəhərində  31 saylı orta məktəb, Gəncə şəhərində isə 23 nömrəli orta məktəb və bağça ilə əməkdaşlıq edir.

Layihənin əsas məqsədi yerli məktəblərdə keyfiyyətli təhsilə nail olmaq üçün yaradıcı mühitin təşkil olunması, uşaqların fərdi bilik və bacarıqlarının artırılması, məktəb müəllimlərinin və pedoqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Bunun üçün layihə çərçivəsində uşaqlara  Azərbaycan- dili, Riyaziyyat, İngilis- dili, Həyat bilgisi fənləri üzrə dərsdən kənar hazırlıqlar təşkil olunur. Məktəb müəllimləri və pedaqoji heyət üçün isə interaktiv təlim metodu və qiymətləndirmə, münaqişələrin həlli və müsbət münasibətlərin qurulması, davranış pozuntusu olan uşaqlarla psixoloji iş, inkluziv təhsil və sosial inkluziya, uşaq hüquqlarının müdafiəsi  kimi mövzular üzrə seminar və təlimlər təşkil edilir.

Layihənin əsas hədəf qrupu valideyn himayəsindən məhrum olmuş uşaqlar və bu risk altında olan uşaqlar, o cümlədən aztəminatlı ailələrin uşaqlarıdır. Layihə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 200 -ə yaxın uşağı əhatə edir.